Bugünkü dünyada millət, xalq, müsəlman olaraq bölüşdüyümüz sevincli və özünəməxsus günlər var. Bunlardan biri də dini bayramlarımızdan olan Qurban bayramıdır. Bayramlar sərhədləri, etnik sevincləri aşaraq dünya müsəlmanlarının ortaq sevinc günlərinə çevrilib. Hər kəs sevincini bölüşür, bir-birlərinin ziyarətinə gedir və təbrik edirlər. Bunlar bizim ortaq dəyərlərimizdir. Sovet imperiyasının tərkibində yaşadığımız 70 il ərzində də xalqımız tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşmadı. Bütün dövrlərdə Azərbaycan xalqı insani kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb. Azərbaycan xalqı hələ sovet dönəmində bütün qadağalara baxmayaraq müqəddəs Qurban və Ramazan bayramlarını da qeyd edirdi.Ölkəmiz müstəqillik əldə etdikdən sonra Qurban bayramı artıq dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Prezidentinin andiçmə mərasimində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi Azərbaycanda vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu təsdiqləyir. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu qədim və müqəddəs bayram yüksək səviyyədə qeyd edilir, iş günü hesab olunmur Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Ulu öndər 2003-cü ildə Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində demişdi: "Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!". Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyuldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi dəst-xətt İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin elə ilk dövründən əsas istiqamət kimi götürüldü. 2005-ci il oktyabrın 31-də Ramazan bayramı günündə Bibiheybət pirini ziyarət edən dövlət başçısı bu müqəddəs ocağın tikintisinin 2-ci mərhələsinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verdi. Prezident İlham Əliyev dini-mənəvi dəyərlərin, maddi-mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə başladı. Müqəddəs qəbirlərin sayına görə islam dünyasında 3-cü ziyarətgah olan Bibiheybətdə eyni vaxtda yüzlərlə insanın ibadət etməsi üçün bütün infrastruktur ən müasir üslubda quruldu. Müsəlman ələminin digər möhtəşəm ziyarətgahları kimi bu məscid-kompleksdə də muzey və kitabxana zəvvarların ixtiyarına verildi. Məscidin ətrafından keçən yol genişləndirildi. Təzəpir məscidi də Prezident İlham Əliyevin göstərişi ilə bərpa olundu. Burada aparılan təmir-tikinti işləri ilə şəxsən tanış olan dövlət başçısı bir əsrdən çox yaşı olan məscidin fasad və minarələrinin klassik görkəmini saxlamaqla bərpa olunması tapşırığını verdi. Ziyarətgahın ətrafında Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası, qonaq evi, habelə İlahiyyat Universitetindən ibarət bir neçə korpus inşa edildi. Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, islam və qeyri-islam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Bu gün Azərbaycanda bayramlar bir başqa sevinc, bir başqa qürur hissi ilə qeyd olunur. Ulu ödərimiz Heydər Əliyev Qurban bayramı münasibətilə xalqı təbrik edərkən dediyi “doğma ocaqlarından didərgin düşmüş həmvətənlərimizin öz yurd-yuvalarına qayıtmaları üçün bu müqəddəs bayram günlərində edilən arzu və niyyətlər gerçək olacaqdır” kəlməsinin reallığını yaşayırıq bu gün. Artıq 44 günlük müharibədən sonra Müzəffər Ordumuzun sayəsində xalqımız bayramı Vətən həsrəti ilə, “növbəti ildə İnşallah öz doğma yurdumuzda qeyd edək” arzusu ilə keçirməyəcək. Qürurlu, sevincli, qalib xalq olaraq tam fərqli bir mühitdə qeyd edəcək!Bu sevinci bizə bəxş edən Azərbaycanın müstəqilliyi və torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçmiş övladlarımıza bu mübarək bayramda Allahdan rəhmət diləyirik. Reyhanə İsgəndərova, Xocalı rayon ziyalısı,